.

“Məhəbbət Butası” sancağı

Mina ilə 316L zərgərlik poladdan hazırlanmışdır

80,00 ₼
Vergi daxil
Minanın rəngi:
Məhsulun rəngi:
Sayı:

Ambarda 3 ədəd
Brend
Kod 1.05.BTL.G.003

Daşlarda əbədiləşmiş duyğular

Bilirsiniz, Bakı kəndlərində qədim Abşeron evlərinin fasadlarını əncir və üzüm yarpaqlarının bir-birinə sarmaşdığı oyma Buta bəzəyir. Bu, Məhəbbət Butasıdır. Ona təsadüf etsəniz, deməli, bəxtiniz gətirib...Siz yarpaqların arasında gizlənmiş köhnə bir hekayənin izlərinə toxunacaqsınız…

Bu gün məhəbbət butası təkcə daşlarda yaşamır. Azərbaycanın BUTALI milli zərgərlik brendi ona bəzək əşylarında yeni həyat verib. Məhəbbət BUTAsı adlı sancağın ornamentləri insan qəlbinin ən dəyərli hissinə olan sədaqətini qoruyub saxlayır. Bu naxışların valehedici cizgiləri bizə əsrarəngiz və saf sevgi hekayəsinin xatırlatmasıdır.

Mahir daşyonan Fərhad və gözəl Fatimənin məhəbbəti...

Bu hadisə üç yüz il əvvəl Bakı kəndlərindən birində baş verib…

Gənc daşyonanın şöhrəti hər tərəfə yayılmışdı, çünki daş üzərində ondan mahir oyma açan yox idi. Onun sorağını uzaq kəndlərdə də alırdılar. Bir gün o, zəngin bir tacirin sifarişini yerinə yetirmək üçün Bakı ətrafındakı kəndlərdən birinə gəlir.

Sifarişçi ipək ticarəti ilə məşğul olurdu və çox zəngin idi. O, köhnə dostunu, məşhur türk səyyahı Övliya Çələbini mehman etmək üçün dəniz sahilində yeni imarət tikdirmək istəyirdi. Bakı xanının dəvəti ilə toya gələn adlı-sanlı qonaq yüksək səviyyədə qarşılanmalı idi. Tacir Fərhadı çağırır. O, gəncin işini bəyənir. Qiyməti danışırlar və daşyonan işə başlayır. Onun bütün fikri işində idi...ta bir gün bağda əncir ağacının kölgəsində Fatiməni görənə qədər... Qız ilk baxışdan onun qəlbinə və düşüncələrinə hakim kəsilir.

Fatimənin dillərə dastan gözəlliyi Fərhadın da qulağına çatmışdı. İndi o, tilsimlənmiş kimi durub çiyinlərinə sürüşmüş kəlağayısını incə hərəkətlə düzəldən qızı seyr edirdi. Fatimə isə onun varlığından xəbərsiz halda dəymiş meyvələri toplamaqla məşğul idi. Birdən gənc kəskini əlindən yerə salır, səsə diksinən qız qaçaraq evə girir.

Fərhad hər gün düşüncələrində və xəyallarında pəri adlandırdığı Fatiməni görmək ümidi ilə gözləyir. Qız isə hərdənbir kəskinin səsi kəsiləndə evdən çıxırdı. Gənc onu bir anlığa gözucu da olsa görmək üçün gizlənirdi. Amma bu, çox davam etmədi. Fatimə daşyonanın diqqətini cəlb etdiyini anlamışdı. Onun da qəlbi Fərhad üçün atmağa başlamışdı. Qız artıq qohumları olan yaşlı bir qadının müşayiəti ilə bağa gəlirdi. Əl işi ilə məşğul olan qadının yan-yörəsinə çox baxmadığını görən Fatimə fürsətdən istifadə edib gözucu Fərhadı süzürdü.

Günlər bir-birini əvəz edirdi, həftələr ötürdü, gənclər isə hisslərini yalnız bir-birinin oğrun baxışlarından oxuyurdular. Hərdən Fərhad səhər tezdən alətlərinin yanında yaylığa bükülü dəymiş əncirlər tapırdı. Sevdiyi qızın öz əli ilə onun üçün meyvə dərməsindən daha böyük xoşbəxtlik ola bilməzdi...Qoca əncir ağacı onların ilk məhəbbətinin səssiz şahidi idi...

Vaxt keçirdi... Budur, artıq üzüm salxımları şirələnmişdir. Əncir və üzüm yarpaqlarının kölgəsi bir-biriniə qarışmışdır. Fərhad sevgilisinə öz duyğularını çatdırmaq üçün yarpaqların bu əsrarəngiz hörgüsünü divarlara həkk edirdi. Nəhayət o, işini bitirdi. Tacir çox məmnun idi və Fərhada da zəhmətinin haqqını səxavətlə ödədi. Ertəsi gün Fərhadın atası onun yanına gəlib Fatiməni oğlu üçün istədi.

– Mənim evim balaca və kasıb olsa da, qızın orada dərdin və kədərin nə olduğunu bilməyəcək, oğlumun sevgisi və ehtiramı ilə əhatə olunacaq. Mən ona ata, oğlum isə arxa-dayaq olacaq. Allah mənim bu sözlərimə şahiddir...

– Mənim qızım daş yonmaqdan başqa əlindən bir iş gəlməyən adamın tayı deyil! – Tacirin rədd cavabı qəti idi. – Onun baxışlarını ləl-cəvahirat parıltısı oxşamalıdır! Qızımın kobud daş parçaları və qəpik-quruşdan başqa heç bir varidatı olmayan bir adamın zövcəsi olmasına razılaşacağımı oğlun necə düşünə bilər?!

Fərhadın şöhrəti gündən-günə artırdı, onun işini yüksək qiymətləndirirdilər. Onun atası Fatimənin heç nəyə ehtiyacı olmayacağını deyib dil töksə də, tacir eşitmək istəmədi. Qızına evdən çıxmağı qadağan etdi. Fatimə qüssə içində bağı dolaşır, saralmış yarpaqlarda baxışları ilə bir-birinə sevgilərini izhar etdikləri, qəlblərinin eyni anda vurduğu o günlərin xatirəsini axtarırdı. Hər toxunuşunda qıza Fərhadı xatırladan evin divarlarındakı lal naxışlar şəfqətlə ona baxırdı...

Tezliklə qızın taleyi həll olundu. Onu özündən qat-qat böyük, sərvətdən başqa bir dəyəri olmayan qəddar adama ərə verdilər. Qəlbinin ağrısı, qəm-qüssə qıza yar oldu, bir müddət sonra ağır xəstəlik onu analıq səadətindən məhrum etdi...

Lakin tale Fərhadı və Fatiməni ömürlük hicran atəşində yandırmadı. Otuz il sürən həsrətdən sonra, bir gün məşhur daşyonan bir vaxtlar qəlbinin sevinclə vurduğu həmin evin yanına gəldi.

İndi onun da gözəl imarəti var idi. O, ən hörmətli ustalardan biri sayılırdı. Onun əməyini hətta hökmdarlar belə bəyənirdilər. Hər dəfə tikdiyi evin divarında yeni bir məhəbbət butası oyanda onun qəlbi yenidən canlanırdı. O, divarlara oyduğu naxışlarda Fatiməyə olan sədaqətini və itirilmiş məhəbbətinin həsrətini gizlədirdi. Fərhad qəlbini Fatimədən başqa heç kəsə verməmişdi. Daşyonan hər tikdiyi evdən bir daş buta götürür, onu sancağa çevirir və heç vaxt onlardan ayrılmırdı...

Xatirələrə dalmış Fərhad köhnə bağdan eşidilən zəif nəğmə səsinin xəyal olmadığını dərhal anlamadı. Ürəyi sanki yerindən qopacaqdı. Fərhad divardakı tanış çıxıntını tapıb divarı aşdı... Fatimə ağacın gövdəsini qucaqlayaraq, sanki ona nağıl danışırmış kimi alçaqdan oxuyurdu. O, səsə döndü və tez kəlağayısını düzəldib evə qaçmaq istədi, amma ayaqları yerimədi. Fərhad onun qarşısında diz çökdü...

Qoca əncir ağacı yenə də onların bir-birindən ayrı yaşatdıqları məhəbbət hekayəsinin şahidinə çevrildi. Artıq atası da, əri də həyatda yox idi. Fatimə bu illər ərzində necə acı çəkmişdi. Dul qaldıqdan sonra atasının boş qalmış evindən başqa heç nəyinin olmadığını öyrənmişdi, ölmüş ərinin qohumları isə onunla qulluqçu kimi davranmağa başlamışdılar. Qadın bunlara dözməyib ata evinə qayıtmışdı. Bütün məhrumiyyətlərə baxmayaraq, o, Xəzri küləyinin ağuşunda sevgilisi ilə keçirdiyi günləri xatırlayaraq yaşayırdı.

Fatimə susdu, əlləri qurumuş budaq kimi dizlərinin üstünə düşdü. Fərhad sevgilisinin saçlarına düşmüş dəndən, üzündəki qırışlardan şikayətlənməsini dinləmirdi. O, yalnız Fatimənin gözlərinə baxır və səadətinə yenidən qovuşmasına inanmırdı. Sonra o, zərif hərəkətlə qadının ovuclarını açdı, öpdü və sancaqları onun ovuclarına səpdi. Rəngarəng daşlarla bəzədilmiş sancaqlar qürub edən günəşin şəfəqləri altında bərq vurdu.

– Hər evin divarındakı butaları sənə həsr edirdim, tikib qurtarandan sonra bu sancaqları düzəldirdim. İllərin daş yaddaşı mənim sənə olan sevgimi qoruyub saxladığı kimi, bu sancaqlar da kəskinin altında o sevginin nəğməsini oxuyurdular...

Bağdakı üzüm meynələri və əncir budaqları naxışlardakı “qardaşları” ilə necə də səsləşirdi. Fərhad qoca ağacın kölgəsində yenə də Fatiməyə evlənmə təklif etdi. İllər sonra, köhnə bağda onların qəlbləri yenidən bir döyünməyə başladı...

O vaxtdan Abşeronda “məhəbbət butası” çiçəklənir və xoşbəxtliyə toxunuşun hekayəsini danışır. Həmin daş ornamentin hər bir elementini dəqiqliklə təkrarlayan “Məhəbbət Butası” sancağı isə iki gəncin qəlbində yaşayan ülvi hisslərə sədaqətin simvolu ola bilər...

Yeni BUTALI məmulatının hər bir incə büküşündə sanki həmin hisslərin əks-sədası gizlənib.

Sancaq bəzək emalı və daşları ilə bəzədilib.

“Məhəbbət Butası” məhəbbətin etiraf anını vurğulaya və dərin hisslərin möcüzəli sübutuna çevrilə bilər…

Yuxarı