.

.

Azərbaycanın “BUTALI” milli brendi 2016-cı ildə təsis edilib. Eksklüziv zərgərlik məmulatlarının hazırlanmasını ehtiva edən elitar mədəniyyətin qədirşünasları arasında kifayət qədər populyarlaşmış “BUTALI” brendi bu gün Azərbaycan milli zərgərlik məktəbinin ən yaxşı ənənələrinə yeni nəfəs verir və bu ənənələri qoruyub saxlayır.

“BUTALI” gözoxşayan və insanı valeh edən parıltılı, dəyişən rəng çalarlı zinət əşyalarıdır. Doymaq bilmədən baxa biləcəyiniz bu zərgərlik məmulatlarının daşıdığı harmoniya və dərin məna yalnız tədricən anlaşılmağa başlayır – onlar sanki bizi ovsunlayır və istər-istəməz zərgərlik sənətinin cazibə sirri barədə düşünməyə vadar edir...

Qədim dövrdən qaynaqlanan zərgərlik sənəti müxtəlif zaman kəsiklərində yaşamış insanların dünyagörüşünü, estetik ideallarını və həyata münasibətlərini öyrənməyə kömək edir. Zərgərlərin hazırladıqları məmulatlar öz dövrünə xas olan üslub özəlliklərini əks etdirir və bu özəlliklər sənətkarın ustalığı, istehsal şərtləri, iqtisadi vəziyyət, habelə qiymətli metalların, eləcə də daş və şüşələrin o dövrə aid emal texnikası və s. xüsusunda fikir formalaşdırır.

Azərbaycanda zərgərlik sənəti minillikləri ehtiva edən inkişaf yolu keçib və zəngin tarixə malikdir. Bu tarixin səhifələrini yazan mahir ustaların sənətkarlığı isə Azərbaycanın bir çox zərgər nəsli üçün münbit yaradıcılıq zəmininə çevrilib. Sənətkarlarımız tərəfindən ən sadə istehsal texnikasından tutmuş mürəkkəb hazırlanma üsulundan istifadə nəticəsində ərsəyə gətirilən zinət əşyaları hər zaman xalqımıza məxsus gözəllik və harmoniya təsəvvürünə uyğun olmuşdur.

Əsasən, dekorativ elementləri, zərif və təkrarolunmaz ornamental detal formaları ilə diqqəti cəlb edən müxtəlif zərgərlik məmulatları yalnız bər-bəzək əşyası kimi deyil, həm də usta zərgərlərin qeyri-adi incəsənət əsəri kimi daim zinətsevərlərin diqqət mərkəzində olub.

İllər ötdükcə zaman dəyişir, zərgərlər daim yaradıcı inkişafa meyil edir, emal texnologiyasını, eləcə də tamamlama üsullarını təkmilləşdirir və daha zəngin materiallara – yəni bədii vasitələrə müraciət edirdilər. Beləliklə, zərgərlik sənətinin incəsənət növü kimi inkişafını müəyyən edən bədii vasitələrin səviyyəsi durmadan yüksəlirdi.

Müxtəlif emal və tamamlama üsullarının ustalıqla bir araya gətirilərək uyğunlaşdırılması Azərbaycan zərgərlərinin əl işlərində öz əksini tapırdı. Bu üsulların hər birində Azərbaycanın zərgərlik ənənələrinin nə qədər güclü, parlaq və əbədiyaşar olduğu aydın şəkildə sezilirdi. Ornamentin “dili” mürəkkəb və müəyyən mənada sirlidir – burada elementlər təkrarlanır və kanonik xarakter daşıyır. Lakin ornamental cizgilərin bu qəribə oyununda bir-birinə uyğun gələn elementlərin sonsuz müxtəlifliyi sahilsiz ümmana bənzəyir və insanı Şərq zümzüməsi və ya qəzəllərin qafiyə ritmi kimi riqqətə gətirir. Azərbaycanda bu möcüzəni qədim zamanlardan günümüzə kimi mahir zərgərlər yaradırlar.

“BUTALI” brendi Azərbaycanda milli ornamental ənənələrin köklərinə daha dərindən vaqif olmağa çalışır və bu yanaşma sayəsində Azərbaycanın ornamental yaradıcılıq üslubuna əsaslanan müasir zərgərlik sənətini uğurla təqdim edir.

Ustalar xalqın adət-ənənələri ilə bağlı olan milli irsə sevgidən, eləcə də Azərbaycan xalqının dünyagörüşü və inanclarından irəli gələn səmimi duyğulardan ilham alırlar ki, bu da zərgərlik məmulatlarının dekorativ forması və rəmzi mənalarında öz əksini tapır.

“BUTALI” məhsullarını hazırlayan ustalar öz işlərində mükəmməlliyi və gözqamaşdıran zərifliyi bir araya gətirirlər. Zinət əşyalarının bədii keyfiyyəti ənənəvi bəzək metodlarının təsiri nəticəsində (naxışın faktura, forma və quruluşunu, eləcə də məişətdə istifadəni nəzərə almaqla) müxtəlif dekorativ üsullarla əldə edilir. Beləliklə, unikal gözəllik təsəvvürü ilə icra ustalığının vəhdəti sayəsində həyatın ən qiymətli anlarını yaddaşlara həkk edən zinət əşyaları hazırlanır.

Eyni zamanda digər yaradıcılıq sahələrində olduğu kimi, zərgərlik sənəti də (hazırda nə qədər müasir görünsə belə) qədimi nümunələrə xəyali sədaqət sayəsində yaşaya bilməz.

Buna görə də “BUTALI” brendinin ustaları öz əl işlərində həm yeniliyi, həm də müasir həyatla uyğunluğu təmin etmək üçün israrla çıxış yolları axtarır və günümüzün tələblərinə uyğun olaraq orijinal üslubda yeni zinət əşyaları hazırlayırlar.

Müxtəlif texniki üsullarla hazırlanmış zinət məmulatlarının tərtibatında əsas rolu Azərbaycanın qədim memarlıq abidələrində, xalçaların kompozisiya quruluşunda və kəlağayılarda rast gəlinən ənənəvi motivlər, habelə ölkənin ayrı-ayrı bölgələrinə aid milli ornament və rəmzlər oynayır.

Ustalar ənənəvi simmetrik kompozisiya ilə məhdudlaşmır və həm klassik, həm də eksklüziv üsullardan sərbəst istifadə sayəsində müasir zinət əşyalarına yeni ritm və dinamika bəxş edirlər. Rəssamın yaradıcılıq ideyası müxtəlif, parlaq dekorativ və təbiətən gözəl materialın köməyi ilə həyata vəsiqə qazanır.

Yuxarı